Siyasi partiyalar ictimai şuralarda təmsil olunmaq istəyir - Müzakirə  

11:31 15.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cəmiyyətin demokratik inkişaf yolu bütün fəaliyyət istiqamətlərindəki boşluqların aradan qaldırılması ilə doldurula bilər. Bu, müasir dövrümüzün əsas tələblərindən biri kimi önə çıxır. Yeni müstəvi, yeni reallıq mövcud problemlərin köklü şəkildə həllini tək bir idarəçinin, səlahiyyətli şəxsin, orqanların məsuliyyəti missiyasında görmür. Bu, bütövlükdə cəmiyyətin, sosial ictimaiyyətin nəzarəti, vətəndaşın özünün müdaxiləsi ilə həllini ehtiva olunur. Ölkə başçısının  yüksək kürsüdən vətəndaş cəmiyyətinin, ictimai nəzarətin formalaşması istiqamətində addımların atılmasını qarşıya qoyması, məhz vətəndaşın özünü problemlərə laqeyd qalmamağa çağırması təsadüfi deyil. İctimai nəzarət, ictimai fikrin düzgün formalaşması, ayrı-ayrı idarə və komitələrdə yaradılan ictimai şuraların fəaliyyəti, eləcə də ictimai-siyasi təşkilatların ictimai şuralarda təmsilçiliyi gündəmin əsas mövzusu kimi bu gün də birmənalı qarşılanmır.  Maraqlıdır, ictimai şuralarda siyasi partiya nümayəndələri olarsa bu, cəmiyyətə nə verə bilər?  

Milli Məclisin deputatı Ceyhun Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, birinci növbədə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti, gördüyü işlər nəzərdən keçirilməlidir. 

“Hər bir ölkədə sağlam müxalifət, siyasi partiyalar dövlətin inkişafına öz töhfələrini verir. Dünya təcrübəsində belə yanaşma və ənənələr var. Azərbaycanda sağlam siyasi partiyaların fəaliyyətini gücləndirmək məqsədəuyğundur. Sağlam partiyalar dövlətin qurucuıuğunda iştirak edə bilərlər”.

C.Məmmədov hesab edir ki, siyasi partiyaların ictimai şuralarda təmsil olunmaları nəzərdən keçirilə bilər.

“Hesab edirəm, söhbət siyasi partiyaların dövlət qurumlarında idarəçiliyin inkişafının güclənməsinə dəstəkdən gedirsə, siyasi partiyaların seçimi də düzgün olmalıdır. Birinci, siyasi partiyalar düzgün fəaliyyət göstərməli və onların seçimi düzgün həyata keçirilməlidir. Siyasi partiyalar şəxsi maraqlarının həyata keçirilməsini yox,  dövlət idarəçiliyinin  daha da təkmilləşdirilməsi və gücləndirilməsini hədəfə almalıdır. Hesab edirəm ki, məsələyə bu formada yanaşsaq, hansısa nəticələr əldə edə bilərik”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hafta.az-a bildirib ki, siyasi partiyalar cəmiyyətdə müəyyən bir fikrin formalaşmasına təsir etmək imkanına malikdir. Onun fikrincə, siyasilər əsasən mətbuat, keçirdiyi aksiyalar, bəyanatlarla cəmiyyətə təsir edə bilir. Bu imkanlar fikrin düzgün formalaşmasına xidmət edəndə daha dəyərli olur.

“Bəzən siyasi partiyalar ağı-ağ, qaranı -qara görməkdən imtina edir, hər şeyi qara görürlər. Təbii ki, belə hallar ictimai fikrə mənfi təsir edir. Hesab edirəm, Azərbaycanda düzgün fikrin formalaşmasında iştirak edən siyasi partiyalar çoxdur. Müəyyən siyasi təşkilatlar, partiyalar var ki, özlərinin düşündükləri kimi cəmiyyətə təsir edirlər. Azərbaycanda düzgün ictimai fikrin formalaşmasında iştirak edən siyasi partiyalar çoxdur. Hətta müxalifət partiyaları olsalar da, yaxşını görür, pisi isə qanunun imkan verdiyi şəkildə tənqid edib fikirlərini bildirir, radikallıqdan uzaq olurlar”.

Ç.Qənizadə hesab edir ki, siyasi partiyaların ictimai şuralarda təmsil olunması məsələsinə diqqətlə baxmaq lazımdır. 

“İctimai şuraların fəaliyyəti o qədər də ürəkaçan deyil. İctimai şuralar öz funksiyalarını yerinə yetirə bilmirlər. Bu baxımdan siyasi təşkilatların da həmin şuralarda olmasında pis bir şey görmürəm. Mən təklif edərdim ki, siyasi partiya nümayəndələrinin təkcə ictimai şuralarda yox, dövlət işlərində iştirakının tətbiqinə  keçək. Qoy hər bir nazirlikdə bir partiyanın nümayəndəsi yüksək vəzifəyə qoyulsun, orada gedən proseslərin içində olsun. Əgər rüşvət, korrupsiya halları varsa bununla bağlı öz mövqeyini ortaya qoysun. Qurumun fəaliyyətinin düzgün qurulmasında öz töhfəsini versin. Bu da məqbul məsələlərdən biridr”.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, tənqidci-analitik-kulturoloq  Aydınxan Əbilov hafta.az-a bildirir ki, Azərbaycanda siyasi mühit və ictimai-siyasi təsisatların fəlsəfəsi, işlək mexanizmi tamam fərqlidir. Onun fikrincə, burada dünyanın ən inkişaf etmiş siyasi mexanizmlərini tətbiq etsək də, istənilən nəticə alınmır. Tənqidçi təəssüflə qeyd edir ki, Azərbaycanda siyasi partiyalar get-gedə zəiflədi və onların ictimai fikrə, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir etmək imkanı minimuma endi. Siyasi partiyaları 3 yerə bölməklə məsələyə tənqidi yanaşan A.Əbilov hesab edir ki, bütün hallarda dünyada olduğu kimi, ictimai tənqidin əsas subyekti olan siyasi partiyalara böyük ehtiyac var. Onun fikrincə, nə qədər ki, biz bu mexanizmləri yaratmamışıq, siyasi partiyalara nə ictimai şurada, nə də digər yerlərdə vəzifələr verməklə hansısa dövlət strukturunun işini təkmilləşdirib irəli aparmaq mümkün deyil.

“Siyasi müxalifətin komitələrdə, nazirliklərdə təmsil olunması elə də ciddi məsələ deyil. İqtidar, dövlət başçısı o qədər güclüdür, nüfuzludur ki, klassik siyasi mexanizmlərin Azərbaycanda işləməsinə ümid etmək olnaz. Real olaraq İlham Əliyevın sədri olduğu YAP-a qarşı kadr potensialına, intellektinə, strukturlaşmasına görə, respublikaları əhatə edəcək şöbələr və onu əhatə edəcək elə bir partiya tanımıram. Az-çox nüfuzu olan partiyalar gənclərin hesabına, sosial media, internet resurslarının hesabına üzdədirlər. Əslində, o partiyalarda da heç bir işlək mexanizm yoxdur. Hər bir partiyanın ayaqda durması həm də onun stabil maliyyə inkanlarından qaynaqlanır. Maliyyə yoxdursa, demək partiya fəaliyyət göstərə bilməz. Əgər partiya üzvləri işsizdirsə, həmin partiyadan hansısa müsbət fəaliyyət gözləmək lazım deyil”.

A.Əbilov bildirir ki, QHT sədrlərinin iştirakı ilə formalaşdırılan ictimai şuralar çox amorf bir quruma çevrilib.

“Bir-iki ictimai şuranı çıxmaq şərtilə demək olar ki, hamısı sıfır vəziyyətdədir. Onların işi nazirin, komitə sərdinin iradəsinə tabedir. Bunlar qorxmadan, çəkinmədən gördükləri ictimai problemləri həm dövlət qarşısında qaldırmalı, həm də cəmiyyəti düşündürən məsələlərlə bağlı obyektiv, real mexanizmlərə malik təkliflərlə çıxış etməlidirlər. İctimai şuralar belə vəziyyətdə olduğu halda siyasi partiyaları da gətirib ora calamaqla nə düzələcək?  Ona görə də İctimai Şura mexanizmi tamam dəyişməlidir”.